Ana və qızı soyuldu FOTO

Gəncə sakini 36 yaşlı Şirxan Ələkbərov Göygöl rayonunun Xəqani kəndində yaşayan qohumu Nargilə Hüseynovanın yaşadığı mənzilə qanunsuz daxil olaraq ev sahibinə və onun qızı Nuranəyə taxta parçası ilə müxtəlif bədən xəsarətləri yetirib. Sonra isə zərərçəkənlərdən ailənin kürəkəni Seymur Orucovun yerini deməsini tələb edib. Nuranə isə həyat yoldaşı Seymurun yerini bilmədiyini və ondan ayrıldığını bildirib. Şirxan Ələkbərov qadınlardan Seymuru axtarıb tapması üçün yol pulu vermələrini tələb edib. Qadınlar isə yenidən döyüləcəklərindən qorxaraq çağırılmamış qonağa 40 manat nağd pul verib. Şirxan Ələkbərov bununla da razılaşmayaraq Nargilə Hüseynovanın barmağında olan qızıl üzüyü və qulağındakı 1 cüt qızıl sırğanı eləcə də onlara məxsus mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirib. Sonda isə ev sahiblərinə hədə- qorxu gəlməklə onları polisə məlumat verməkdən çəkindirib. Hadisə ilə bağlı məlumat alan Göygöl rayon polis şöbəsinin əməkdaşları Şirxan Ələkbərovu isti izlərlə məsuliyyətə cəlb edə bilib. Saxlanılan şəxs törətdiyi cinayətə görə özünü qismən təqsirli bilib. Hadisə vaxtı sərxoş olduğundan etdiyi əməlləri yaxşı xatırlamadığını, niyyətinin isə qohumu olan Seymuru tapmaq olduğunu deyib.

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə