Şirvanda basqınçılar yaxalandı

Mənzildən 71 min manatlıq qızıl-zinət əşyaları oğurlandı

Şirvanda evə quldur basqını edən oğrular oradan 71 min manatlıq qızıl-zinət əşyaları aparıb. Şirvan polis şöbəsinin keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Şirvan şəhər sakinləri, 1989-cu il təvəllüdlü Novruzov Zahid Zahir oğlu və 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ağayev Təbriz Əlioğlan oğlu saxlanılıb.

Adı çəkilən şəxslər bu il yanvarın 15-də Şirvan şəhər sakini, 80 yaşlı Abdullayeva Leyla Əsgər qızının yaşadığı evə oğurluq məqsədi ilə daxil olaraq quldur basqını ediblər. Oğrular dəmir alətlə ev sahibinin qızına məxsus sandığı sındıraraq oradan 43 növdə müxtəlif qızıl məmulatları, 36 ədəd qızıl onluq, 500 manat nağd pul və "Toshiba" noutbukunu götürərək oranı tərk ediblər. Bununla qane olmayan oğrular son anda qoca qadının qulağında olan sırğaları da açıblar. Onlar əldə etdikləri külli miqdarda qızıl-zinət əşyalarını Bakı şəhərində müxtəlif adamlara, özlərinin dediklərinə görə, 10 min manata satıblar.

Şirvan şəhər məhkəməsi hər iki şəxs barəsində 4 aylıq həbs-qəti imkan tədbiri seçib.

Faktla bağlı Şirvan polis şöbəsində hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 181.3.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə