Fermada uzun müddətdir mal-qara saxlayıb gəlir əldə edən qardaşların birdən-birə fəaliyyət profillərini dəyişmə niyyəti polisin gözündən yayınmayıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl rayon polis şöbəsinin əməliyyatçılarına Topalhəsənli kəndi ərazisində mövcud olan fermada narkoplantasiya yaradılması barədə məlumat daxil olub. Polisin əməliyyat tədbirləri nəticəsində rayon sakinləri 53 yaşlı Etibar və 46 yaşlı Cabbar Hacıyev qardaşlarının mal-qara saxladıqları fermada narkotik vasitə əkib becərdikləri müəyyən edilib. Eyni zamanda fermada xeyli miqdarda kibrit qutusunda satış məqsədi ilə saxlanılan qurudulmuş marixuana və dibçəkdə aqrotexniki qaydada qulluq göstərilən çətənə kolları və bu kollara aid bitki kökləri müəyyən edilərək götürülüb. Hadisə yerində ilkin ifadələri zamanı Etibar və Cabbar Hacıyev qardaşları əməllərini səmimi etiraf ediblər. Qardaşlar xüsusi işıqlandırma sistemi ilə əkib-becərdikləri narkotik tərkibli kolları özləri üçün yetişdirdiklərini desələr də polis bunu inandırıcı hesab etmir. Yaşca böyük olan Etibar Hacıyev uzun illərdir narkotik aludəçisi olduğunu bildirərək, ərazidən xeyli miqdarda dolu və boş halda kibrit qutusunun aşkarlanmasına özünə məxsus şəkildə cavab verib.
Qeyd edək ki, qardaşlardan Cabbar Hacıyev əvvəllər bir dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB