Astarada torpaq sürüşməsi aktivləşib

Astarada torpaq sürüşməsi aktivləşib

Sürüşmə 3 ev üçün ciddi təhlükə yaradıb. Sakinlərdən biri artıq evini tərk edib. Digərləri isə hər həyəcan içində gözləyir. SİA-nın Cənub bürosunun məlumatına görə, ötən ilin oktyabr ayından başlayaraq cənub bölgəsinə düşən intensiv yağıntı bölgədə torpaq sürüşməsini yenidən aktivləşdirib. Sürüşmə əsasən Lerik və Astara rayonlarının ucqar dağlıq ərazilərində müşahidə olunurdu. Son günlər Lerik rayonunda torpaq sürüşməsi nisbətən səngisədə, Astarada bunun əksi müşahidə edilir. Belə ki, rayonun ucqar dağlıq və axar çaya yaxın olan ərazilərində torpaq sürşüməsi davam edir. Sürüşməyə daha çox məruz qalan ərazilər Pensər çayının Şiyəkəran kəndindən keçən hissəsində qeydə alınıb. Kənd sakini Dadaş Cəlilovun sözlərinə görə, 30 sot torpaq sahəsinin yarısı artıq sürüşməyə məruz qalıb. Həyatyanı sahəsində minbir əziyyətlə yetişdrirdiyi 50-dən artıq limon və narıngi ağacları sürüşmə nəticəsində məhv olub. Nəticədə ona xeyli maddi ziyan dəyib.

Torpaq sürüşməsinin getdikcə yaşayış evinə yaxınlşaması ev sahibinin çətin duruma salıb. Köçməyə bir yeri olmayan Dadaş, gecələri həyəcan və qorxu içində keçirdiklərini deyir.

Sakinlər hesab edir ki, müvafiq tədbir görülməsə hər an bədbəxt hadisə baş verə bilər. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayon ərazisində torpaq sürüşmələrinin aktivləşməsi barədə müvafiq qurumlara məlumat verilib. Məsələ onların diqqət mərkəzindədir.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə