Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, satışı və qaçaqmalçılığına qarşı mübarizə sahəsində bir neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakının 3 rayonunda müxtəlif xassəli 25 kiloqramdan artıq narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.
Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Heydər Məmmədovdan 2 kiloqram 614 qram tiryək, 23 qram marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq, onun paytaxtda kirayədə yaşadığı evə baxış zamanı isə əlavə olaraq 15 kiloqramdan artıq marixuana götürülüb.
Narkotiklərə qarşı növbəti uğurlu əməliyyat-axtarış tədbiri Pirallahı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Daxil olan əməliyyat məlumatı əsasında Ucar rayon sakini Rəşid Şirinov rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı 2 kiloqram 70 qram marixuana və 705 qram heroin aşkarlanaraq götürülüb.
Keçirilən daha bir əməliyyat-axtarış tədbiri zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş paytaxt sakini Azər Heybətov şübhəli şəxs qismində Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsində saxlanılaraq idarəyə gətirilib. Onun əlindəki sellofan torbaya baxış zamanı ümumilikdə 4 kiloqram 750 qram marixuana aşkar edilərək götürülüb.
Bu faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB