Gecə Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib
Paytaxtda ağır qəza ölən var

Ötən gecə Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Ağır tonlajlı yük maşını yolu keçmək istəyən piyadanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Qəza Nərimanov rayonu ərazisində baş verib. Suraxanıda olan qəzada isə iki nəfər xəsarət alıb. Daha bir piyadavurma hadisəsi İmişlidə olub.

Yanacaq daşıyan avtomobil yolu keçmək istəyən piyadanı vurub. Xəsarət alan piyada hadisə yerindəcə ölüb.

Ağır qəza gecə paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində olub. Rauf Hüseynov yanacaq daşıyan maşınla gedərkən qarşısına piyada çıxıb.

Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə Nərimanov rayon polis idarəsinin əməkdaşları gəlib.

Müəyyən edilib ki, piyada keçiddən yox, yolun hərəkət hissəsindən keçib. Sürücünün ifadəsi alınıb. Faktla əlaqədar cinayət işi başlanıb. Qəza zamanı dünyasını dəyişən piyadanın kimliyi müəyyənləşdirilir.

Digər yol nəqliyyat hadisəsi paytaxtın Suraxanı rayonunda baş verib. Yeni Günəşli qəsəbəsində sürətlə gedən avtomobil yolun kənarında dayanmış digər iki minik avtomobilinə çırpılıb.

Qəzaya səbəb olan avtomobilin sürücüsü və sərnişi xəsarət alıb. Hadisə yerinə çağrılan təcili tibbi yardım əməkdaşları yaralılara tibbi yardım göstərəndən sonra ambulator müalicəyə buraxılıblar. Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla əlaqədar araşdırmalara başlanılıb.

İmişlidə isə avtomobil piyadanı vurub.

21 yaşlı Adil Həsənli İdarə etdiyi avtomobillə yolu keçən Vüsal Tarverdiyevi vurub. Yaralı İmişli rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə