Narkotikə müştəri axtarırdı qarşısına polis çıxdı

Ötən gecə Bakıda polis narkotik əməliyyatı keçirib
Narkotikə müştəri axtarırdı qarşısına polis çıxdı

Gecə Bakıda polis narkotik əməliyyatı keçirib. Əməliyyat zamanı 55 yaşlı bir nəfər külli miqdarda müxtəlif növ narkotik maddələri satmaq istəyərkən cinayət başında yaxalanıb.

Külli miqdarda narkotik maddəni satmaq istəyən şəxsin qarşısına müştəri əvəzinə polis çıxıb.

Gecə paytaxtın Nizami rayon polis idarəsinə və 25-ci polis bölməsinə məlumat daxil olub ki, bir nəfər narkotik maddə satmaq istəyir. Dərhal bölmənin əməliyyat qrupu hadisə yerinə gedib. Ərazi mühasirəyə alındıqdan sonra Astara sakini 55 yaşlı Heydər Məmmədov saxlanılıb. Onun üzərindən 2 kiloqram yarımdan çox tiryək və 5 kibrit qutusu qurudulmuş marixuana aşkar edilib. Dindirmə zamanı Heydər Məmmədov narkotik maddəni 8-ci kilometr bazarı yaxınlığında Seymur adlı həmyerlisindən satmaq məqsədi ilə aldığını deyib.

Polis əməkdaşları Heydər Məmmədovun kirayə qaldığı evdən də 15 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edib. Məlum olub ki, Heydər Məmmədov külli miqdarda narkotik maddəni 10 min manata satacaqmış.

Dindirmə zamanı Heydər Məmmədov əməlindən peşman olduğunu etiraf edib. Fakta görə Nizami rayon polis idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə