Zavodda baş verənlərlə bağlı istintaq davam etdirilir

Zavodda baş verənlərlə bağlı istintaq davam etdirilir

Yanvarın 4-də Balakən rayonunda fəaliyyət göstərən "Azəryem Sənaye" MMC-yə məxsus zavodun ərazisində baş verən və bir nəfərin ölümünə, iki nəfərin isə xəsarət almasına səbəb olan hadisə ilə əlaqədar Balakən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) və 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Dərhal Prokurorluq, Fövqəladə Hallar Nazirliyi, "Azəriqaz" İstehsalat Birliyi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin mütəxəssislərinin və Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin olunub.

SİA-nın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, hazırda rayon prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə