Zaqatalada kolleçdə yanğın olub

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin inzibati binasında yanğın olub. SİA-nın verdiyi məlumata görə, hadisə bu gün saat 07:40 radələrində, Zaqatala şəhəri, Nizami küçəsində yerləşən kollecin inzibati binalarından birində, ikimərtəbəli korpusunda yanğın baş verib.

Hadisə yerinə dərhal FNH-nin Zaqatala YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Alov qısa müddətdə məhdudlaşdırılıb, hazırda yanğının tam söndürülüb. Yanğın nəticəsində binanın birinci mərtəbəsində 15 kv/m, ikinci mərtəbəsində 25 kv/m və çardaq hissəsində 50 kv/m sahənin yanar konstruksiyaları yanıb.

Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Zaqatala Kənd Təsərrüfatı Texnikumunun inzibati binası ötən əsrin əvvəllərində tikilib. Ümumi sahəsi 1000 kvadratmetr olan bina 13 otaqdan ibarətdir. Tanınmış akademik, ictimai-siyasi xadim İmam Daşdəmir oğlu Mustafayev 1928-ci ildə bu texnikumun məzunu olub.

Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.

İlkin Akifoğlu, Zaqatala

Bütün xəbərlər Facebook səhifəmizdə