Masallıda kabel oğrusu tutulub

Masallıda telefon kabellərini oğurlayan şəxs tutulub. SİA-nın Cənub bürosunun məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) istintaq bölməsinin rəisi, polis mayoru Elçin Fərəcov bildirib ki, "Aztelekom" MMC-nin Masallı Rayon Telekommunikasiya Qovşağının rəhbərliyi ərizə ilə Polis Şöbəsinə müraciət edərək telefon kabellərinin kəsilərək oğurlandığını və bununla qovşağa xeyli maddi ziyan vurulduğunu qeyd edib. RPŞ-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözü gedən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, 1968-ci il təvəllüdlü İlqar Salam oğlu Mustafayev yaxalanaraq istintaq orqanlarına təhvil verilib. İstintaq zamanı əməlini etiraf edən İ.Mustafayev dekabrın 6-da rayonun Əhmədli kəndi ərazisindən 190, Kosakül kəndi ərazisindən isə 370 metr kabel oğurladığını bildirib. Məlum olub ki, saxlanılan şəxs oğurladığı kabellərdəki miss naqilləri çıxararaq, onları əlvan metalların qəbulu məntəqəsinə satıb.

Faktla bağlı Masallı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə