Məlum olduğu kimi, sentyabr ayının 12-də Bakı-Sumqayıt marşrutu ilə elektrik qatarları hərəkətə başlayıb və "Stadler Rail Group" şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş yüksək komfortlu ikimərtəbəli elektrik qatarları sərnişinlərin istifadəsinə verilib. Amma təəssüflər olsun ki, bəzi vətəndaşlarımız özlərinin normalara sığmayan davranışı ilə elektrik qatarlarının təhlükəsiz hərəkətinə mane olurlar.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun SİA-ya verdiyi məlumata görə, 1 dekabr 2015-ci ildə saat 19.00 radələrində Bakıdan Sumqayıta hərəkət edən elektrik qatarı Keşlə-Biləcəri mənzilinin 2649-cu kilometrində relsin üzərinə iri mişar daşları qırıqlarının düzüldüyününə görə dayanıb, təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə nəticəsində qatarların hərəkətində ləngimələrə yol verilib.
DİN Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsinin əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yolunun üzərinə daş qırıqları qoyanlar saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, saxlananlar Binəqədi rayonu 100 №-li orta məktəbin XI sinif və Binəqədi rayonu 143 №-li orta məktəbin IX şagirdləridir.
Saxlananlar Nəqliyyatda Baş Polis İdarəsinin Keşlə xətt polis bölməsində dindirilərkən, hadisəni törətdiklərini etiraf ediblər.
"Azərbaycan Dəmir Yolları" QSC bir daha Bakı-Sumqayıt marşrutuna yaxın ərazidə yaşayan vətəndaşların nəzərinə çatdırır ki, dövlət əmlakına ziyan vuran, elektrik qatarının təhlükəsiz hərəkətinə mane olanlara qarşı hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlər görüləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB