Cari ilin doqquz ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.
Dövlət Komissiyasından bildiriblər ki, doqquz ayda narkotiklərlə mübarizə sahəsində 2702 fakt aşkar edilib. Onlardan 777-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1733-ü satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz şəkildə əldə etmə və saxlama, 180-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 12-si isə digər hallar təşkil edib. Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 984 kiloqram 932,169 qram müxtəlif növ narkotik vasitələr və 787 ədəd çətənə kolu müsadirə olunub.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları arasında 666 kiloqram 562,839 qram marixuana, 189 kiloqram 422,962 qram tiryək, 53 kiloqram 436,256 qram heroin, 56 kiloqram 816,37 qram həşiş, 5,2 kokain, 18 kiloqram 693,742 qram psixotrop maddələr və digərləri, 1310 ədəd metadon həb, o cümlədən 787 ədəd çətənə kolu olub.
Həmçinin "Xaş-xaş" şərti ad altında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 189 ton 601 kiloqram 236 qram narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.
Cinayət məsuliyyətinə 1892 nəfər cəlb edilib ki, onlardan 7-si 18, 432-si 30 yaşadək, 1406-sı 30 yaşdan yuxarı şəxslər olublar. Həmçinin həmin şəxslərdən 16-sı fəhlə, 7-si qulluqçu, biri vəzifəli şəxs, 2-si nəqliyyat işçisi, 2-si orta məktəb şagirdi, 1643-ü işləməyənlər, 1822-si kişilər, 23-ü qadınlar, 47 nəfəri isə xarici ölkə vətəndaşları təşkil ediblər. Əcnəbilərdən 21-i İran, 19-u Gürcüstan, 3-ü Türkiyə, 2-si Ukrayna, 1-i Rusiya, 1-i isə Türkmənistan vətəndaşları olublar.
Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən, ilin 9 ayı ərzində Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə məhkəmə-narkoloji tibbi yoxlamadan keçmək üçün 1882 nəfər göndərilib. Onlardan 1069-na narkomaniyadan məcburi müalicə təyin edilib. Bununla yanaşı, Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 24 min 925 nəfər keçib. Onlardan 554 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunub, 189 nəfər istifadəçi aşkarlanıb və müvafiq qeydiyyata götürülüb. Bununla yanaşı, cari ilin 9 ayı ərzində 2 min 157 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 1016 nəfəri "Alkoqol qəbul nəticəsində psixi və davranış pozuntuları", 933 nəfəri "Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları", 208 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.
Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin müvafiq dövrünə olan məlumatına əsasən, Azərbaycan vətəndaşları arasında 477 nəfər İİV-ə yoluxma hallarının 24,9 faizi (119 hal), ümumilikdə isə 1992-ci ildən 2015-ci il sentyabrın 1-dək 5397 yoluxma hallarının 51,9 faizi (2801 hal) inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmçinin 2015-ci il sentyabrın 1-nə ümumilikdə 2784 nəfər İİV/QİÇS-lə xəstə ARV-terapiyaya cəlb edilib ki, onlardan 408-i cari il ərzində olub. Yeni cəlb olunanlardan 131 nəfəri inyeksion narkotik istifadəçisidir. ARV-terapiyaya ümumi cəlb olunan 2784 nəfərdən 1403-ü inyeksion narkotik istifadəçisidir. Eyni zamanda, Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan xəstələrin qan nümunələri QİÇS-lə Mübarizə Mərkəzinin və onun regional İİV-diaqnostika laboratoriyalarına mütəmadi göndərilir və müayinə olunur. Bu ilin doqquz ayı ərzində 123 şəxsdə İİV-ə yoluxma venadaxili narkotik maddələrin qəbulu nəticəsində baş verib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə məhkəmələrin qanuni qüvvəyə minmiş 197 hökmü üzrə müsadirə olunan 357 kiloqramdan (əlavə olaraq 3118 ədəd çətənə kolu) artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr yandırılaraq məhv edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB