Ana və iki uşağı xəstəxanalıq oldu

Sürücünün də yaralandığı yol qəzası Lənkəran şəhərində baş verib

Lənkəranda 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Lənkəran rayon polis şöbəsindən verilən məlumata görə, yol qəzası saat 22 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.

Rayonun Yuxarı Nüvədi kənd sakini, 1985-ci il təvəllüdlü Faiq Kazımovun idarə etdiyi "VAZ-21011" markalı minik avtomobili hərəkətdə olarkən qarşı tərəfdən gələn Lənkəran şəhər sakini, 1970-ci il təvəllüdlü Şamil Babayevin idarə etdiyi "HUNDAİ SONATA" markalı avtomobillə toqquşub.

Güclü zərbədən hər iki avtomobilə ciddi ziyan dəyib, həmçinin "VAZ-21011"in sürücüsü ilə sərnişinləri – rayonun Səpnəkəran kənd sakini, 1985-ci il təvəllüdlü Esmira Səfərova, onun 7 yaşlı qızı Fatimə və 5 yaşlı oğlu Zamin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada yaralılara lazımi yardımlar edilib. Ana ilə uşaqların vəziyyəti stabil olsa da, Faiq Kazımovun vəziyyəti həkimlər tərəfindən orta ağır qiymətləndirilir. Avtoqəzanın baş vermə səbəbləri rayon polis şöbəsində aparılan araşdırma nəticəsində bəlli olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə