Lənkəranda sakinlərin mal-qarasına qənim kəsilən dəstə ifşa edilib
Dana oğruları yaxalandı

Onlar oğurladıqları iri buynuzlu heyvanları sataraq vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirli bilinirlər. Lənkəran polisi son vaxtlarda rayonun ayrı-ayrı kəndlərində vətəndaşlara məxsus mal-qaranı oğurlayan şəxsləri zərəsizləşdirməyə nail olub. SİA-nın Cənub bürosunun məlumatına görə, rayonun Havzava kənd sakinləri Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək son aylar kənd ərazisində örüşə buraxdıqları heyvanların oğurlandığını bildiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı mal-qara oğurluğunda təqsirli bilinən Havzava kənd sakinləri Quliyev Xalid Mirverdi oğlu, Quliyev Valid Xudaverdi oğlu və Bayramov Vüqar İltifat oğlu saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Həmçinin araşdırmalar zamanı o da məlum olub ki,saxlanılan şəxslər qabaqcadan əlbir olaraq 2014-cü ilin noyabr ayından bu günə kimi oğruluqla məşğul olublar.

Lənkəran RŞPŞ-nin müstəntiqi Toğrul Hüseynovun sözlərinə görə, ümumilikdə 12 baş qara mal örüş sahəsindən oğurlanıb. Oğurlanan mal-qara Lənkəran şəhərində qəssab Elxan Məmmədova dəyər-dəyməzinə satılıb. Təxminən vətəndaşlara 10 min manata qədər maddi ziyan vurulub.

Lakin oğurluq heyvanları satın almaqda təqsirli bilinən qəssab isə aldığı heyvanların oğurluq mal olmasından xəbərsiz olduğunu deyib.

Saxlanılan şəxslərin daha hansı oğruluqlarda əlinin olub-olmaması araşdırılır. Hazırda şübhəli şəxs qismində saxlanılan şəxslər barədə cinayət məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb,araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə