Gəncədə törədilən qətlin üstü açılıb

Gəncədə törədilən qətlin üstü açılıb

Doqquz il əvvəl - 2006-cı ildə Gəncədə törədilmiş qətlin üstü Şəhər Baş Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.

Belə ki, Gəncə sakini Əliyeva Esmira Bağban qızının 2014-cü il oktyabrın sonlarında qəsdən öldürülməsi faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə şəhər prokurorluğunda istintaq edilən İsmayılov Vidalət Təbriz oğlu cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilərkən 2006-cı il mayın 31-də Gəncə şəhərində yaşadığı evdə keçmiş arvadı, 1977-ci il təvəllüdlü Əsgərova Rəna Arif qızını qəsdən öldürərək həmin ünvanda torpağa basdırdığını bildirib.

Fevralın 18-də həmin məlumat əsasında Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı V.İsmayılovun ifadəsində göstərdiyi yer qazılaraq oradan parçaya bükülmüş vəziyyətdə insan meyiti aşkar edilərək çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən veriçlən məlumata görə, meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə təqdim edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə