Ötən il 24607 cinayət faktı qeydə alınıb STATİSTİKA

Ötən il 24607 cinayət faktı qeydə alınıb STATİSTİKA

2014-cü ildə Azərbaycanda 24607 cinayət faktı və əhalinin hər 100 min nəfərinə hesabı ilə 261 cinayət hadisəsi qeydə alınıb. SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qeydə alınan cinayətlərin 54,9 faizi az ağır, 31,6 faizi böyük ictimai təhlükə törətməyən, 13,5 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Hesabat dövründə cinayətlərin 11287-si iqtisadi sahədə törədilən, 7380-i ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan, 4592-si şəxsiyyət əleyhinə, 1347-si dövlət hakimiyyəti əleyhinə, 1-i isə sülh və insanlıq əleyhinə cinayətlərdir.

Qeydə alınmış cinayətlərin 298-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 388-i qəsdən sağlamlığa ağır zərər vurma, 19-u işgəncə vermə, 24-ü adam oğurluğu cinayətlərinə aiddir. 338 cinayət hadisəsi xarici ölkələrin, onlardan 50-si MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib. 2014-cü ildə əvvəlki illə müqayisədə əmək mühafizəsi qaydalarını pozma cinayətləri 11,5 faiz, qanunsuz sahibkarlıq cinayətləri 4 faiz, kreditor borclarını ödəməkdən qəsdən yayınma cinayətləri 33,3 faiz, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə cinayətləri 14,3 faiz, xuliqanlıq cinayətləri 4,3 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 10,9 faiz, dövlət hakimiyyəti əleyhinə olan cinayətlər 11,4 faiz azalıb.

Ötən il narkotiklər və güclü təsiredici vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 3228 cinayət hadisəsi qeydə alınıb və onların 28,8 faizi satış məqsədilə törədilib. Əməliyyat-istintaq tədbirləri nəticəsində ötən il qeydə alınmış cinayətlərin 60,4 faizi açılıb. Açılmış cinayətlərin 2220-si əvvəllər cinayət törətmiş şəxslər, 1545-i qrup halında, 593-ü sərxoş vəziyyətdə, 479-u 18 yaşadək uşaqlar tərəfindən və ya onların iştirakı ilə, 668-i isə narkomanlar və ya narkotik təsir altında olan şəxslər tərəfindən törədilib. 2014-cü ildə aşkarlanmış hüquqpozucularının 81,3 faizi cinayət məsuliyyətinə cəlb olunub. Aşkar olunmuş hüquqpozucuların 77,2 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 13,1 faizi əvvəllər cinayət törətmiş şəxslər, 4,6 faizi sərxoş vəziyyətində olan şəxslər, 6,2 faizi qadınlar, 3,1 faizi isə 18 yaşadək uşaqlardır.

Ötən il qeydə alınmış 721 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub və onların 7,6 faizi əvvəllər cinayət törətmiş şəxslər tərəfindən, 9,4 faizi sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 89,5 faizi qəsdən sağlamlığa az ağır və yüngül zərər vurma, 3,9 faizi qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 6,6 faizi isə digər cinayətlərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə