Dələduz qadınlar tutulub

Son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın müxtəlif bölgələrində çoxsaylı vətəndaşların özünü "T group" adlandıran Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi barədə məlumatlar yayılmaqdadır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aldadılmış vətəndaşlardan bir qrupunun müraciəti əsasında artıq Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Araşdırmalarla müəyyən olunub ki, "Tağıyev LTD" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun "AccessBank"dakı hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər.

Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə Ağcabədi rayonunun 22 sakininin etimadını qazanaraq onların 20 min manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib.

Daxili İşlər Nazirliyi vətəndaşların nəzərinə çatdırır ki, cinayət işi üzrə ibtidai araşdırma nazirlikdə davam etdiriləcək. Bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə