İnsanları "talayan" dələduzlar

Bakıda silsilə oğurluq edən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisində cibgirlik yolu ilə çoxsaylı oğurluq əməli törətməkdə şübhəli bilinən, yanvarın 1-də saat 20 radələrində 64 nömrəli xətt avtobusunda Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbə sakini Sevinc Nəcəfovanın əl çantasından içərisində 26 manat pul və bank kartlarını talayan, Bakı şəhər Suraxanı rayonu, Hövsan qəsəbəsi O.Şanabov küçəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü Orlov Ruslan Konstantinoviç, həmin qəsəbənin F.Bayramov küçəsində yaşayan, 1987-ci il təvəllüdlü Paşayev Elmir Eldar oğlu tutulublar.

Şübhəli şəxslərin üzərinə baxış zamanı R.Orlovun üzərindən 3, 776 qram, E.Paşayevin üzərindən 2, 431 qram narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, onlar elə həmin gün zərərçəkmişə məxsus bank kartından istifadə etməklə Xətai rayonu, M.Hadi küçəsində yerləşən mağazada ərzaq məhsullarına və spirtli içkilərə 219 manat xərcləyib.

Faktla bağlı BŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə