Piyadanı vurub qaçan sürücü tapıldı

Bakıda 17 yaşlı piyadanı vurub öldürəndən sonra qaçan sürücü tapılaraq istintaqa cəlb edilib. SİA-nın Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən verdiyi xəbərə görə, Xətai rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozaraq piyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücünün şəxsiyyətinin "isti izlər"lə müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması təmin edilib.

Belə ki, fevralın 10-da saat 17 radələrində rayonun Zığ şosesində naməlum avtomobilin sürücüsünün yolu keçən piyada - Bərdə rayon sakini, 1998-ci il təvəllüdlü Mehdiyev Ovcan Aqil oğlunu vurub hadisə yerindən qaçması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin "Opel" markalı 90-LO-571 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü - Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Quliyev Anar Nüsrət oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından, o, tutularaq istintaqa cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə