Astarada avtomobil qaz borusuna çırpıldı: ölən var

Astarada avtomobil qaz borusuna çırpıldı: ölən var

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə yanvarın 24-də axşam Ələt-Astara magistralının 233-cü kilometrliyində, yolun rayonun Ərçivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayonunun Degədi kənd sakini, 28 yaşlı Elçin Firudin oğlu Qasımovun idarə etdiyi VAZ-2106 markalı, 07 BC 683 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq aşıb, əvvəl yolun kənarındakı şam ağacına, sonra isə qaz borusuna çırpılıb.

Avtomobilin sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib, qaz borusu isə sıradan çıxdığından Ərçivan qəsəbəsinə mavi yanacağın verilməsində fasilə yaranıb.

Avtomobil isə bir neçə yerə bölünüb.

İlkin versiya kimi hadisənin avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verdiyi ehtimal olunur. Qəzanın dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə