18 min insan terrorun qurbanı olub

18 min insan terrorun qurbanı olub

2013-cü ildə dünya üzrə terror qurbanlarının sayı 61 faiz artaraq 18 min nəfərə çatıb. Bu rəqəmlər Global Terrorism Indexin noyabrın 18-də dərc olunmuş məruzəsində yer alır. BBC telekanalı xəbər verir ki, məruzəyə əsasən ötən il terrorçuların hücumları da 44 faiz artaraq 10 mini keçib. Məruzəni hazırlayan İqtisadiyyat və Sülh İnstitutunun icraçı direktoru Stiv Killeli 2013-cü ildə terror hadisələrin sayındakı artımda belə yüksək sıçrayışın Suriyada davam edən vətəndaş müharibəsi ilə izah olunduğunu deyir.

Terrordan ən çox əziyyət çəkən ölkə İraq olub. Keçən il bu ölkədə terror hadisələri nəticəsində 6 mindən artıq insan həyatını itirib. Siyahıda sonrakı yerləri Əfqanıstan, Pakistan, Nigeriya və Suriya tutur. Ümumilikdə dünya üzrə terror qurbanlarının 80 faizi bu beş ölkənin payına düşür.

Bu il də vəziyyət təsəlliverici deyil. 2014-cü ilin yekununda bu göstəricilərin yaxşılaşacağını güman etmək çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə