Qoyunlar qəzaya uğradı

Ağdamda ağır yol qəzası baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Təzəkənd kəndi ərazisində baş verən qəzada

minik avtomobili ilə yük maşını toqquşub. Gecə saatlarında arxa qoşqusunda qoyun aparan minik avtomobili yük maşını ilə toqquşub. Qoyun aparan Bərdə rayon Şirvanlı kənd sakini 25 yaşlı Aslan Qarayevin idarə etdiyi "QAZ-24" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanan yük maşınına çırpılıb. Bu zaman "QAZ-24" markalı avtomobilin sürücüsü Aslan Qarayev və yük maşınını düzəltmək üçün yolun kənarında olan Ağdam rayon sakinləri 44 yaşlı Ramiz Nəsibov və 28 yaşlı Tiflis İsmayılov müxtəlif dərəcəli xəsarət alıblar. Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qəza nəticəsində "QAZ-24" markalı avtomobildə olan qoyunlardan bir neçəsi də tələf olub.

Qeyd edək ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə