"Karamel"dən heroin çıxdı FOTO

Bakıda 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyalar keçirilməsi cəhdlərinin qarşısı alınıb. Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Tərlan Asif oğlu Quliyevin qardaşı, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 ünvanında yaşayan vətəndaş Elxan Asif oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Karamel" konfetinin içərisində 2 ədəd sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 0,341 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs Tərlan Quliyevin Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən həbs edildiyi bildirilir.

Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində həmin təcridxanada saxlanılan şəxs Şamo Əlikram oğlu Qocayevin tanışı, İmişli rayonu, K.Qasımov küçəsi ev 14-də yaşayan vətəndaş İlqar Azər oğlu Rəfiyevin gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı "Çistaya liniya" dezodorantının içərisində 2 ədəd sellofan paketə bükülərək gizlədilmiş, xalis çəkisi 1,5 qram olan narkotik vasitə - həşiş aşkar edilərək götürülüb.

Saxlanılan şəxs Şamo Qocayev Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Həyata keçirilmiş digər axtarış-baxış tədbiri nəticəsində adıçəkilən təcridxanada saxlanılan şəxs İsa Rüstəm oğlu Hümbətovun anası, Bakı şəhəri, 7 mkr. F.Məlikov küçəsi, ev 53, mən. 2 ünvanında yaşayan vətəndaş Nərgiz Erkop qızı Məmmədovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Baxış zamanı onun əl çantasının gizli saxlanc yerindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, İsa Hümbətov Cinayət Məcəlləsinin 177.3.2 maddəsinə əsasən həbs edilib.

Hər üç fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə