"Şahdağ" Milli Qoruğunun ərazisində yanğın olub

"Şahdağ" Milli Qoruğunun ərazisində yanğın olub

Qəbələ rayonu, Tikanlı kəndində (rayon mərkəzindən 8 km aralı) "Şahdağ" Milli Qoruğunun ərazisində 3 ha sahədə xəzəl, kol-kos və qurumuş ağaclar yanır. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, yanğın texnikalarının həmin ərazilərə cəlb olunmasının qeyri mümkünlüyünü nəzərə alaraq yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin 10 nəfər əməkdaşı, 10 nəfər milli qoruğun əməkdaşı və 8 nəfər kənd əhalisi iştirak edir. Qoruq ərazisində olan meşə zolağı yanğından mühafizə olunur. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir və əlavə məlumat veriləcək.

Eyni zamanda Oğuz rayonu, Xaçmaz kəndində Oğuz Milli Parkının dağlıq ərazisində 1 ha sahədə qurumuş ağaclar və kol-kos yanır. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 15 nəfər əməkdaşı, 25 nəfər meşə təsərrüfatı işçiləri və 10 nəfər kənd əhalisi iştirak edir. Yanğın texnikasının həmin əraziyə cəlb olunması qeyri-mümkün olduğundan yanğın əl vasitəsi ilə söndürülür. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bundan başqa, Abşeron rayonunda vətəndaşa məxsus "QAZ" markalı minik avtomobilinin salon və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Neftçala rayonu, Xıllı kəndində Kür çayında (ən yaxın xilasetmə məntəqəsindən 30 km aralı, nəzarət olunmayan ərazidə) 1969-cu il təvəllüdlü Samit Əhmədağa oğlu Əhmədov batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. S.Əhmədovun cəsədi batdığı yerdən 300 m aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:10-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə