Mebel ustası nəfsinin qurbanı oldu

Mebel ustası nəfsinin qurbanı oldu

Paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilən daha bir qətlin "isti izlər"lə açılması təmin edilib. SİA-nın xəbərinə görə, bu barədə Bakı şəhər prokurorluğu və Baş Polis idarəsinin birgə məlumat yayıb.

Belə ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Мəcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, mərhumun yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdıran Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rəşid oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildə axtarış apararaq N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.

Cinayətin T. Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan о, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T. Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə