Hazırda ölkəmizdə narkotik istifadəçilərinin ümumi sayı 27 mindən artıqdır. Onların 585-i inyeksion narkotik istifadəçisi olan qadındır. Bunu iyunun 24-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə 26 iyun – Narkomaniyaya və narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı keçirilən "dəyirmi masa" da Respublika Narkoloji Dispanserin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova demişdir.
O bildirmişdir ki, ümumi yaş qrupu 18-45 olan narkotikdən istifadə edənlərin 97 faizini kişilər, 3 faizini isə qadınlar təşkil edir.
Problemin ictimai təhlükəsindən bəhs edən İSİM-in nümayəndələri Səbinə Babazadə, Aysel Hacıyeva və Pərvin Quliyeva hər kəsi narkomaniya ilə mübarizədə birgə olmağa çağırmışlar. Məruzəçilər, həmçinin narkomaniyanın profilaktikası məqsədilə İSİM tərəfindən ali və orta məktəblərdə təqdimatların, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirildiyini, bununla da sağlam həyat tərzinin təbliğ edildiyini vurğulamışlar.
Digər çıxış edənlər də son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirildiyini nəzərə çatdırmışlar.
Məruzələrdən sonra mövzu ətrafında fikir mübadiləsi aparan iştirakçılara sonda İSİM tərəfindən hazırlanmış və çap edilmiş "Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!" adlı bukletlər paylanılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB