Gəncədə qasırğanın fəsadları aradan qaldırılır

Təbii fəlakət şəhərin qaz təsərrüfatını tamamilə sıradan çıxarıb
Gəncədə qasırğanın fəsadları aradan qaldırılır

Güclü qasırğa və tufanın Gəncəyə vurduğu ziyanların aradan qaldırılmasına başlanılıb. Artıq şəhərin dünəndən elektrik enerjisiz qalan hissələrinə enerjinin verilməsi bərpa olunub. Qaz xəttlərinin bərpası istiqamətində iş gedir. Qırılaraq yolları bağlayan irigövdəli ağacların və tullantıların küçələrdən təmizlənməsi isə hələ ki tam mümkün olmayıb.

Təbii fəlakətin fəsadları şəhərin mərkəz ərazilərində daha çox hisss olunur. Mərkəzdə olan ağacların yola aşması nəticəsində nəqliyyatın hərəkətində məhdudiyyətlər hazırda da qalmaqdadır. Küçələrə ağacların aşması nəticəsində evlərin dam örtüklərinə ciddi ziyan dəyib. Bütün bu halların bərpası üçün şəhərin bütün əlaqədar qurumları səfərbər olub. Təbii fəlakət şəhərin qaz təsərrüfatını tamamilə sıradan çıxarıb. Şəhərə təbii qazın verilməsi ötən gecədən etibarən 100 faiz dayandırılmışdı

Gəncə Qaz İstismar Sahəsindən verilən məlumata görə, axşam saat 18-dək qazın verilməsi tamamilə bərpa olunacaq. Şəhərə elektrik enerjisinin verilməsi əksər ərazilərdə bərpa olunub. Tam bərpası istiqamətində iş gedir. Gəncə şəhər İcra Hakimiyyətində baş verən təbii fəlakətin aradan qaldırılması üçün fövqəladə komissiya yaradılıb./ans/

Bütün xəbərlər Facebook səhifəmizdə