Biləsuvar sakinləri Lənkəranda qəzaya düşüblər

Biləsuvar sakinləri Lənkəranda qəzaya düşüblər

Lənkəranda 2 nəfərin ağır yaralanması ilə nəticələn yol – qəza hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Hadisə ötən gün təqribən saat 18 : 40 radələrində Ələt - Astara magistralının 196 - cı kilometrliyində, rayonun Göyşaban kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Biləsuvar şəhər sakini, 32 yaşlı Yusif Nağıyev idarə etdiyi "Mersedes" markalı avtomaşınla, ailəsi ilə birlikdə Lənkərana istirahətdən evlərinə dönərkən, yolda oğlu 9 yaşlı Zəfər Nağızadənin halı pisləşib və avtomaşını yolun sağ tərəfində saxlayıb. Sürücünün yoldaşı 32 yaşlı Elmira Ağayeva oğlunun əl-üzünə su vurmaq üçün maşından düşüb. Bu zaman eyni istiqamətdə hərəkətdə olan, Lənkəran rayon sakini, Elməddin Zeynalov idarə etdiyi "İveko" markal yük maşını ilə yol kənarında dayanan ana və uşağı vurub, sonra onların avtomaşınına çırpılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və uşaq təcili olaraq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Həkimlər hər iki xəstənin vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə