“10 gündən sonra toyuma gələcəkdi şəhid oldu” YENİLƏNİB

“10 gündən sonra toyuma gələcəkdi şəhid oldu” YENİLƏNİB

Ötən gün erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutublar. SİA-nın məlumatına görə, nəticədə Silahlı Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayonundan hərbi xidmətə çağırılmış əsgəri Həsənli Zaur Söhbətdin oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub. Şəhidimiz bu gün Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin, birlik, birləşmə və hərbi hissələrin şəxsi heyəti, yerli icra orqanları, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani öz çıxışında şəhid Zaur Həsənlinin Vətən uğrunda canından keçdiyini, qəhrəmanların, Vətən uğrunda dünyasını dəyişənlərin əbədiyyətə qovuşduğunu söyləyib.

Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Xırdalan qəbiristanlığında əsgəri ənənələrə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə saxlanılması üçün şəhidin ailəsinə təqdim edilib.

Şəhidin böyük qardaşı Ramil deyib ki, bu, ağır itki olsa da təki Vətən sağolsun: "Toyuma gələcəkdi, az bir müddət qalmışdı. 10 gündən sonra toyum olacaqdı. Elə hey deyirdi ki, əziz qardaşım tezliklə toyuna gələcəm. Çox ağır itkidir. Əsgərə getməmişdən öncə evimizə hərbi xidmətə yollanmaq üçün çağırış vəsiqəsi gələndə o, anama dedi ki, Naxçıvanda hərbi xidmət keçəcəm. Anam buna razılıq verməsə də, o, dedi ki, bəlkə elə Naxçıvanda şəhid oldum".

Qeyd edək ki, ötən gün ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. Hadisə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Z. Həsənli Kəlbəcər rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə