Quldurluq edən şəxslər tutuldu

Quldurluq edən şəxslər tutuldu

Bakıda iki nəfərə qarşı quldurluq edən şəxslər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Bakı şəhər sakini Andrey Sorokin Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq, martın 8-i saat 02 radələrində Zərifə Əliyeva küçəsində naməlum şəxslərin arxadan onun baş nahiyəsinə vuraraq cibindən 500 manat, 2 ədəd bankomat kartı, mobil telefonu və şəxsiyyət vəsiqəsini götürdüklərini bildirib.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsizlik Şəhər Xidmətinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Qabil Cəfərov və Kamran Aslanov tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar martın 13-də Nəsimi rayonu Səməd Vurğun küçəsində Böyük Britaniya vətəndaşı Hughes Robertə də təzyiq edərək qızıl üzüyünü, qol saatını və 2 ədəd mobil telefonunu götürüb qaçıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə