Soyuq hava ilə bağlı ən ağır yol qəzası Ağstafada qeydə alınıb

Soyuq hava ilə bağlı ən ağır yol qəzası Ağstafada qeydə alınıb

"Qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi istiqamətlərdə yolları buz bağlayıb və nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Dünən gecə saat 22:00-dan gecə saat 3:00-dək Bakı-Şamaxı yolunun 25-ci km-dən 55-ci km-ə qədər çovğun olması ilə əlaqədar Bakıya sərnişin daşıyan və digər şəxsi nəqliyyat vasitələrində 100-dən çox insan qalıb. Bakı-Quba yolunun 83-cü kilometrliyinə qədər isə yol açıqdır. Lakin 83-cü kilometrdən sonra yolun mərkəzi hissəsini buz bağlayıb". Bu fikirləri SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Bakı-Qazax yolunda da qar yağır, nəqliyyatın hərəkətində problemlər var: "Ağsu-İsmayıllı yolunda isə gecə saatlarında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lakin həmin istiqamətdə yollar qardan və buzdan təmizlənir. Ötən gecə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 6 nəfər ölüb, 11 nəfər yaralanıb. Ən ağır yol qəzası Ağstafa rayonunda qeydə alınıb. Avtomobil körpüdən qatarlar üçün nəzərdə tutulan elektrik naqillərinin üstünə düşüb, daha sonra isə dərəyə yuvarlanıb. Nəticədə 4 nəfər elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə keçinib".

K.Əliyev sürücülərə müraciət edərək, qeyd olunan yollardan mümkün qədər az istifadə etmələrini və ehtiyatlı olmalarını tövsiyə edib. O, qarlı yollarda hər iki oxu aparıcı olan və şinləri qış mövsümünə uyğun olan avtomobillərdən istifadəyə üstünlük verilməsini tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə