Hacıqabulda yük qatarı qəzaya uğrayıb YENİLƏNİB

15 vaqon relsdən çıxıb, 9 vaqon aşıb
Hacıqabulda yük qatarı qəzaya uğrayıb YENİLƏNİB

Bu gün saat 12.15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində, Bakıdan Böyük Kəsik stansiyasına doğru hərəkət edən yük qatarı Hacıqabul rayonunun Muğan kəndində qəzaya uğrayıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, 53 vaqondan ibarət qatarın 32-si relsdən çıxıb, onlardan 9-u aşıb. Aşan vaqonların ikisində mişar daşı, 5 vaqonda taxıl, iki vaqonda isə taxta olub.

Yüklər dəmir yoluna dağılıb. Hadisə yerinə Hacıqabul dəmir yol idarəsinin, polis şöbəsinin, yanğından mühafizə hissəsinin briqadaları cəlb edilib. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon fövqəladə hallar komissiyasının sədri gələrək təcili təxirə salınmaz tədbirlər həyata keçiriblər.

Hal hazırda həmin ərazidə qatarların hərəkəti məhdudlaşdırılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil və xoşbəxtlikdən xəsarət alan olmayıb. Lakin ərazidə olarkən dəmir yolunun hərəkət zolağının köhnə olması aydın görünürdü.

Məlumatı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti də təsdiq edib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə