Cəzaçəkmə müəssisəsində qadağan edilmiş əşyalar aşkar olunub

Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilərkən kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "İpad" markalı planşet, 2 (iki) ədəd qulaqcıq, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 2 (iki) ədəd "Bose" markalı qulaqcıq və 1 (bir) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Digər keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerinə və üzərinə baxış keçirilərkən yataq yerindən yastığın altından ona məxsus 2 (iki) ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 (dörd) ədəd "Sim" kart aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə