Məişət tullantılarının arasından silah və sursatlar aşkar edilib

Məişət tullantılarının arasından silah və sursatlar aşkar edilib

2009-cu ildən Bakı şəhərində tullantıların zərərsizləşdirilməsi və yerləşdiriməsi işlərini həyata keçirən "Təmiz Şəhər" ASC öz fəaliyyətini müasir standartlara uyğun qurmağa başlayıb və bundan irəli gələrək qəbul etdiyi tullantılara baxış və monitorinq keçirdikdən sonra onları utilizasiyaya yönləndirir. SİA-nın verdiyi məlumata görə, məişət tullantılarının tərkibindən tapılanlar bəzən təəccübə səbəb olur.

Belə ki, təhvil verilən tullantıların tərkibində 1 ədəd avtomat darağı və 101 ədəd patron tapılıb.

Qeyd edək ki, oxşar vəziyyət 20 noyabr tarixində də baş verib və 1 ədəd tank əleyhinə yararsız mina, 3 ədəd patron və 1 ədəd "Voltran" tipli təlim tapançası tapılıb və aktlaşdırılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təhvil verilib.

Qeyd etmək lazımdır ki, "Təmiz Şəhər" ASC-yə təhvil verilmiş tullantıların tərkibindən son 6 ay ərzində 30 adda 425 ədəd hərbi sursat və silahlar aşkarlanıb. Cəmiyyətin "Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimatı" adlı daxili təlimat qaydalarına uyğun olaraq aşkarlanmış bütün silah və hərbi sursatlar və digər kriminal xarakterli hallarla bağlı Daxili İşlər Nazirliyi ilə birgə iş aparılır, minalar isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) təhvil verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə