"Nobel" prospektində 6 maşın toqquşub YENİLƏNİB

"Nobel" prospektində 6 maşın toqquşub YENİLƏNİB

"Nobel" prospektində zəncirvari qəza baş verib. SİA-nın hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, mərkəz istiqamətində prospektin sağ zolağı ilə hərəkət edən "Audi" markalı 90 XB 113 dövlət qeydiyyat nişanlı avtomobillə "Mercedes" markalı 99 BN 154 nömrə nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobil zərbənin təsirindən əvvəlcə yoldakı işıq dirəyinə çırpılıb. Sonra havada dövrə vuraraq yolun əks tərəfi ilə hərəkət edən təcili tibbi yardım maşını ilə toqquşub. "Audi" markalı maşın da əvvəlcə "Mitsubishi" və "Hundai" markalı avtomobillərlə toqquşub və yuvarlanaraq yolun əks tərəfi ilə hərəkət edən başqa bir "Mercedes" markalı maşına çırpılıb.

Hadisə nəticəsində şəxsiyyəti məlum olmayan "Mercedes" markalı 99 BN 154 nömrə nişanlı avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Digər avtomobillərdə olan sürücü və sərnişinlər isə yaralanıb və təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Yol Polis əməkdaşları isə hadisənin necə baş verdiyindən xəbərsiz olduqlarını, dəqiq məlumatın araşdırmalar başa çatdıqdan sonra veriləcəyini deyiblər.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyini əməkdaşları qəzaya uğrayan maşınları yoldan götürüblər.

Qeyd edək ki, hadisə nəticəsində yolda bir müddət tıxac yaranıb. Hazırda prospektdə avtomobillərin hərəkəti bərpa olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə