Lənkəranda güclü yanğın olub

Bu gün Lənkəranda yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə təqribən saat 16 radələrində Lənkəran rayonunun Xarxatan kəndində qeydə alınıb. Xarxatan kənd sakini 50 yaşlı Müruvvət Mehdiyevə məxsus tövlədə başlanan yanğın sonradan əhatə dairəsini genişləndirərək qonşusu 56 yaşlı Bəxtiyar Abdullayevə məxsus tövləyə keçib. Yanğın o dərəcədə güclü olub ki, Bəxtiyar Abdullayeva məxsus evini təhlükə altında qoyub. Dərhal hadisə yerinə Lənkəran yanğından mühafizə dəstəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə gələnə kimi kənd sakinləri müxtəlif üsullardan istifadə edərək, Bəxtiyar Abdullayevə məxsus evi yanğın təhlükəsindən qorumağı bacarıblar. Buna baxmayaraq hər iki sakinə ciddi ziyan dəyib. Müruvvət Mehdiyevə məxsus 700, Bəxtiyar Abdullayevə məxsus 400 paçka ot tamamilə yanıb. Hər iki tövlə isə yararsız hala düşüb.

Qeyd edək ki, yanğının baş verməsinə səbəb, Müruvvət Mehdiyevin evində elektrik naqillərində baş verən qısa qapanma gösdərilir.

Hazırda faktla bağlı Lənkəran yanğından mühafizə hissəsində araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə