Qatarda bomba xəbəri yayıldı

Horadiz-Bakı qatarında həyəcanlı anlar yaşanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, qatarda bomba olduğu barədə Daxili İşlər Nazirliyinin qaynar xəttinə anonim zəng daxil olub. Dərhal Nazirliyin əməkdaşları əməliyyata başlayıb və qatar Beyləqan rayonu ərazisində Daşburun stansiyasında saxlanılıb.

Vaqonlarda olan bütün sərnişinlər evakuasiya olunaraq qatarda axtarış aparılıb. Əraziyə FHN-in yanğından mühafizə xidmətinin əməkdaşları və ANAMA-nın ixtisaslaşmış qrupları cəlb olunub. Xüsusi təlim görmüş itlərin köməyilə qatarda genişmiqyaslı axtarış aparılıb.

Qeyd edək ki, 4 saatlıq axtarış müddətində 170 nəfərədək sərnişin stansiyada saxlanılıb və gecikmə səbəbi açıqlanmayıb.
Uzun axtarışlardan sonra qatardan hər hansı şübhəli əşya aşkarlanmayıb. Bundan sonra sərnişinlərin yenidən vaqonlara minməsi təmin edilib. Horadiz-Bakı qatarı gecə saatlarında paytaxta yola salınıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə