Ağır yol nəqliyyat hadisəsi baş verib

Ağır yol nəqliyyat hadisəsi baş verib

Yevlax rayonu ərazisində 2 nəfərin ölümü və 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında Yevlax-Ağdam magistral yolunun 9-cu km-liyində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində baş verib. Belə ki, Bərdə istiqamətində hərəkətdə olan Biləsuvar sakini Qasımov Rəşad Səlim oğlunun idarə etdiyi "Şevrolet" markalı minik maşını eyni istiqamətdə hərəkətdə olan "ZİL" markalı yük avtomaşınına çırpılıb. Hadisə nəticəsində "Şevrolet" markalı minik maşınında olan sərnişinlər Bərdə sakini Şahbazlı Cəfər Hüseyn oğlu və Şəki sakini 28 yaşlı Mahmudova Aynur Soltan qızı aldıqları ağır bədən xəsarətləri nəticəsində ölüblər.

Avtomaşının sürücüsü "N" saylı hərbi hissənin çavuşu Rəşad Qasımov və avtomaşında olan digər sərnişin Şahbazlı Firuzə Hüseyn qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Yevlax təcili təxirəsalınmaz tibbi stansiyasına yerləşdiriliblər. Yük avtomobilinin sürücüsü hadisə yerindən qaçdığından onun şəxsiyyətini hələ ki müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

Qeyd edək ki, ilkin ehtimala görə hadisəyə səbəb "Şevrolet" markalı maşının yüksək sürəti və hərəkətdə olan yük maşınının arxa işıqlarının olmaması olub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə