İkimərtəbəli mənzil külə döndü

İkimərtəbəli mənzil külə döndü

Quba şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin Ağamalıoğlu küçəsində qeydə alınıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Quba sakini Raqib İsazadəyə məxsus ikimərtəbəli mənzilin ikinci mərtəbəsi dam örtüyü ilə birgə yanaraq külə dönüb. Yanğın zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb. Hadisə şahidləri qəflətən mənzilin tüstüləndiyini görüb, dərhal bu barədə Yanğından Mühafizə hissəsinə məlumat veriblər.

Hadisə yerinə Quba Yanğından Mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Təxminən 2 saat ərzində alov söndürülüb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. Bununla belə 80 kv/m ərazi külə dönüb.

Qeyd edək ki, faktla bağlı Quba Yanğından Mühafizə hissəsində araşdırmalara başlanılıb. Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə