Yüksək sürət həvəsi acı sonluqla nəticələndi

Yüksək sürət həvəsi acı sonluqla nəticələndi

Bərdədə bir-birinin ardınca iki yol nəqliyyat hadisəsi baş verib. Rayonun Bakı küçəsində baş verən zəncirvari qəzada 4 maşın bir-birinə dəyib. SİA-nın Qarabağ bürosunun məlumatına görə, rayon sakinləri Vüsal Əhmədovun və Zamiq Verdiyevin idarə etdikləri "Mercedes" markalı avtomaşınlar qarşı qarşıya gələrək toqquşub. Nəticədə avtomobillərin birində sərnişin qismində əyləşən Şahin Verdiyev və onun nəvəsi 4 yaşlı Aysun Verdiyeva hadisə yerində ölüb.

Qəza zamanı maşınlardan biri, sürətin təsirindən yol kənarında dayanan bir piyadanı və iki maşını vurub. Hadisə yerinin yaxınlığında dayanmış Ruslan Əsədov və avtomobildə olan iki nəfər ağır bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Travmatologiya şöbəsində olan hər 3 yaralının vəziyyəti ağırdır.

Gecə saatlarında növbəti qəza isə rayonun Heydər Əliyev prospektində baş verib. Yüksək sürətlə hərəkət edən minik maşını yük maşının altına girib. Qəzada sürücü ağır bədən xəsarətləri alıb.

Qeyd edək ki, hər iki hadisə ilə bağlı Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə