"Azərkabel" zavodu yanıb

Mingəçevirdə "Azerkabel" zavodu Açıq Səhmdar Cəmiyyətinin istismar müddətini başa vurmuş sexlərinin birində yanğın baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ilk dəqiqələrdə yanğınsöndürənlər çətinliklə də olsa zavodun ərazisinə daxil ola biliblər. Belə ki, yanğının baş verməsinə baxmayaraq, nə zavodun rəhbərliyi, nə də mühafizə xidməti zavodun giriş darvazalarının və sex darvazalarının açılmasına şərait yaratmayıblar.

Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti yalnız darvazaların kilidlərini sındırmaqla zavodun ərazisinə daxil ola biliblər. Hadisə nəticəsində zamanı zavodun ötən əsrin 50-60-cı illərində inşa edilmiş və hazırda sökülməsinə başlanılmış 300 m2-lik sexinin 50 m2-i yanıb.

Fövqalədə Hallar Nazirliyi Mingəçevir Yanğından Mühafizə Bölməsinin şəxsi heyəti və texnikanın köməyi ilə yanğın 20 dəqiqə ərzində söndürülüb. Sexdə söküntü işləri aparıldığından içəridə taxta, kabel qırıntılar, rezinlər, zibil və digər tullantılar yanıb.

Qeyd edək ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə