Xaçmazda yüksəktəzyiqli qaz xətti partlayıb

Xaçmazda yüksəktəzyiqli qaz xətti partlayıb

Xaçmazda yüksəktəzyiqli qaz xətti partlayıb. Hadisə rayonun Ləcət kəndi ərazisində, meşənin içində baş verib. Partlayışın kəmərdəki sızıntıdan baş verdiyi bildirilsə də həmin ərazidə mal-qara otaran çobanların sigareti yerə atmasından sonra yanğın olduğu ehtimal edilir. İA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhərini, Yalama və ətraf kəndləri mavi yanacaqla təmin edən yüksəktəzyiqli magistal xətti partlayandan az sonra hadisə yerinə FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Ləcət kənd sakinləri bildiriblər ki, belə partlayışlar tez-tez baş verir. Yerin altına basdırılan qaz kəmərində çürümələr səbəbindən yerin altına yığılmış qaz kütləsi partlayışa səbəb ola bilərdi.

Xəbər də bildirilir ki, yanğın məhdudlaşdırılıb, alovun digər ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə Siyəzən Magistral Qaz Kəmərləri sahəsinin rəis müavini Mircəlal Kazımzadə də gəlib. Jurnalistlərə açıqlamasında o bildirib ki, partlayış 1 metr dərinlikdə olan qaz xəttində yaranan korroziya nəticəsində baş verib.

Partlayış nəticəsində yaşayış məntəqələrinin mavi yanacaqla təminatında fasilə yaranmayıb. Hazırda ərazidə təmir işləri aparılır.

Hal-hazırda isə həmin ərazidə güclü iş gedir, gecə saatlarına kimi həmin xətt tam bərpa olunacaq və ətraf kəndlər mavi yanacaqla təmin olunacaq.

Emin Kərimov, Xudat

Bütün xəbərlər Facebook səhifəmizdə