Vaqif Əsədov: “Son 4 gündə 500 plyonka sökülüb”

Vaqif Əsədov: “Son 4 gündə 500 plyonka sökülüb”

2013-cü il yanvar ayının 1-dən fevarlın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər zamanı 1145 avtomobil şüşələri pərdəli, plyonkalı olduğu üçün Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb və onlar barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb. Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun SİA-ya verdiyi məlumata görə, fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin vəzifəli şəxsləri sərt tənqid edərək, onların avtomobillərində plyonkalardan istifadə etmələrinə qadağa qoyması bizi daha ciddi tədbirlərin həyata keçirilməsinə sövq edib: "Belə ki, son dörd gün ərzində 500 yaxın bu tipli avtomobil idarə edən sürücü tərəfimizdən saxlanılaraq, inzibati protokol tərtib edilib. 150-dən artıq nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacaqlara aparılıb".

"Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

-Küləyə qarşı şüşələr (alın şüşəsi) üçün - 75%

-Küləyə qarşı olmayan qabaq yan şüşələr üçün – 70%

-Küləyə qarşı olmayan digər yan şüşələr üçün – 60%

Eyni zamanda bildiririk ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsuli ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş küləyə qarşı alın, küləyə qarşı olmayan qabaq və digər yan şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır".

V.Əsədov deyib ki, bütövlükdə hər bir sahədə istehsalçının adı məlumdur: "Ancaq bu o demək deyil ki, istehsalçı zavodun müəyyən etdiyi qara şüşələrlə ölkədə avtomobil idarə edilməlidir. Hər bir ölkənin özünəməxsus qanunları və qaydaları vardır. Azərbaycan respublikasının "Yol hərəkəti haqqında" Qanunu eyni zamanda bu qanundan irəli gələn tələblər vardır ki, bu tələblər də müzakirə olunmadan yerinə yetirilməlidir. Ölkəyə gətirilən nəqliyyat vasitələrinin şüşələri normaya uyğun olmalıdır".

Biz Yol polisi olaraq fəaliyyətimizi iki istiqamətdə aparırıq: "Birinci növbədə, təbliğat işlərinin aparılmasına üstünlük verilir. Digər tərəfdən də qanunun tələbələrini pozanlar da tərəfimizdən saxlanılaraq məsuliyyətə cəlb edilir. Əsas məqsəd isə törədilən inzibati xətaların qarşısının alınmasıdır".

Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib ki, ötən 2012-ci il ərzində 360.000- artıq inzibati protokol tərtib edilmişdisə, 7.000-dən artıq sürücü avtomobili pərdə və plyonkalı idarə etdiyi üçün cəzalandırılıb: "Baxmayaraq ki, tərəfimizdən mütəmadi olaraq lazımi tədbirlər görülüb və əhali arasında təbliğat işləri aparılıb, amma yenə də bu tipli avtomobillər idarə edilir".

Qeyd edək ki, Fevralın 12-də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev vəzifəli şəxsləri sərt tənqid edib. Prezident vəzifəli şəxslərin avtomobillərində plyonkalardan istifadə etmələrinə qadağa qoyub: "Bir neçə il bundan əvvəl göstəriş vermişdim ki, maşınlardan plyonkalar sökülsün və buna son qoyulsun. Mən özüm prezidentəm, amma mənim maşınımda plyonka yoxdur. Hansısa üçüncü, dördüncü dərəcəli məmurun maşınını plyonka ilə bağlayırlar. Kimdən gizlənirlər? Ya qorxurlar ki, kim isə onları görəcək? İndi camaat onları görsə nə olacaq onlara, əriyəcəklər? Mən o vaxt demişəm və tədbirlər görüldü, söküldü. Bu gün bura səhər gəlməzdən əvvəl maraqlanırdım. Daxili İşlər Nazirliyi təkcə keçən il 24 min plyonka söküb. Bu 24 min adamın qulağı yoxdur, bunlar eşitmir ki, mən nə deyirəm? Yaxud da onların yadından çıxıb. Bu bəlkə o qədər də böyük məsələ deyil, amma bu, bir göstəricidir. Bu nə ayrıseçkilikdir cəmiyyətdə? Sənin vəzifən var, pulun var, sən özünü fərqləndirirsən. Sən get öz işinlə, əməlinlə, ağlınla, ölkəyə verdiyin töhfənlə fərqlən, plyonkanla, bahalı əşyalarla deyil"

Prezident İlham Əliyev bu məsələ ilə bağlı daxili işlər naziri Ramil Usubova göstəriş verib: "Bir də mən eşidib bilsəm ki plyonkalı maşın var, o maşın müsadirə edilməlidir. İndi bilmirəm, qanunvericilikdə hansısa düzəlişlər etmək lazımdırsa onu edərik. Belə olmaz, harınlayırlar, qudururlar, heç kimi saymırlar. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Onlara cəmiyyətdə bu statusu kim verib?".

Bütün xəbərlər Facebook səhifəmizdə