Oğrular tutulub

2012-ci il dekabrın 27-si saat 22:30 radələrində Sabunçu qəsəbəsində naməlum şəxs qəsəbə sakini Yusif Ələkbərovun əlindən mobil telefonunu və 180 manatını alıb qaçmışdır. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Qəniyev Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 8-də tutulub.

Bununla yanaşı ötən gün 09:30 radələrində metronun "Gənclik" stansiyasında Bakı şəhər sakini Lamiyə Nəsiri Gülgəz Şükürovanın əl çantasından pul və sənəd oğurladığı üçün Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, o, yanvarın 4-də Xuraman Hüseynovanın əl çantasında 300 manat və ötən il dekabrın 20-də Samirə Şükürovanın əl çantasında mobil telefon oğurlayıb.

Həmçinin ötən il dekabrın 16-da iki naməlum şəxs Azadlıq prospektində Suqra Rzayevanın boynundan qızıl boyunbağısını qırıb qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Anar Əliyev və Akşin Quliyev yanvarın 8-də Binəqədi RPİ 5-ci və Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə