Quldur polisi yaraladı

Yevlaxda quldurluq hadisəsi törədilib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisəni törədən 29 yaşlı gənc bir nəfər mülki vətəndaşı eləcə də polis əməkdaşını yaralayıb. Hadisə Yevlax şəhərində təxminən axşam saat 20:05 radələrində baş verib. Sərxoş vəziyyətdə Bəxtiyar Səlimovun idarə etdiyi "Taxi" yə əyləşən 29 yaşlı Taleh Ağayev onunla mübahisə edib. Daha sonra isə o üzərində gəzdirdiyi bıçaqla "Taxi" sürücüsünün ayaq, əl və bud nahiyələrinə zərbələr endirib. Yaralı sürücünü avtomobilindən enməyə məcbur edən T.Ağayev avtomobili qaçırmağa cəhd göstərib. Sürücünün hadisə barədə polisə məlumat verməsindən sonra Yevlax rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları Taleh Ağayevi qaçırdığı avtomobilə birlikdə şəhərin Heydər Əliyev prospektində saxlayıblar. Polisə müqavimət göstərən quldur yol patrul xidmətinin əməkdaşları Müslüm Məmmədovu və Anar Əliyevi yaralasa da qaçmağa macal tapmayıb. Yaralanan sürücü Yevlax şəhər Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan Yevlax rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları da xəstəxanaya müraciət ediblər. Hadisəni törədən şəxsin narkotik maddələrin aludəçisi olduğu bildirilir.

Faktla bağlı Yevlax şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə