Yaşmada evləri su basdı YENİLƏNİR

Yaşmada evləri su basdı YENİLƏNİR

00:15

Aldığımız məlumata görə Xızıya gedən yol istiqamətində yaşayış evlərini su basıb. Yerli sakinlərin qaynar xəttə verdiyi məlumata görə, sel suları Samur-Abşeron kanalının daşması nəticəsində baş verib. SİA-nın şimal bürosunun müxbirinin verdiyi məlumata görə, ətrafa yayılan su xeyli evi basıb. Hadisə şahidləri həmin istiqamətdə nəqliyyatın hərəkətinin iflic olduğunu, çox sayda maşının, evlərin su altında qaldığını deyiblər. Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində insanların köməyinə çatıblar.

Qeyd edək ki, Şimal büromuzun müxbirinə bu barədə hadisə şahidlərindən biri məlumat verib. Müxbirimiz hazırda hadisə yerinə yollanıb.

02:34

SİA-nın Şimal bürosu xəbər verir ki, hadisə Sumqayıtın Yaşma bağ massivində baş verib. Evləri su basıb. Köməksiz sakinlər FHN-nin əmakdaşları tərəfindən ərazidən evakuasiya olunub. Xəbərdə deyilir ki, Bakı-Quba-Rusiya sərhədi yolunun 48-ci km-də, Sumqayıt şəhəri Yaşma bağları massivində yaşayış evləri və 2 hektar ərazini su basıb. Nəticədə bir neçə fərdi yaşayış evi və onların həyətyanı sahələri su ilə dolub. İnsanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar. Melorasiya və Su Təsərrüfatı SC-nin şöbə müdiri Əbdülrəhim Hacıyevin verdiyi məlumata görə, hadisəyə əraziyə həddən artıq qar yağması və daha sonra qar sularının sürətlə əriməsi səbəb olub. Onun sözlərinə görə, sel sularının Bakı-Quba-Rusiya sərhədi yolunu yumaması üçün müvafiq tədbirlər görülür.

Sumqayıt şəhər Fövqaladə Hallar Komissiyasının sədri Tariyel Hacıyevin verdiyi məlumata görə, sel suları 3 evə ziyan vurub. Həmin evlərin sakinləri ərazidən evokuasiya olunub. Qeyd edək ki, yaranmış fəsadların aradan qaldırılması istiqamətində səhər saatlarınadək ərazidə texnika işləyib.

Emin Kərimov, Sumqayıt

Bütün xəbərlər Facebook səhifəmizdə