Leysan Xaçmazda ciddi fəsadlar yaradıb

Leysan Xaçmazda ciddi fəsadlar yaradıb

İki gündür davam edən leysan yağışları Xaçmaz rayonunda bir neçə yaşayış evinə ciddi ziyan vurub. Qrunt suları mənzillərin zirzəmilərinə və birinci mərtəbələrinə dolub. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhərində, Osman Mirzəyev küçəsi dalan 2 ünvanında yerləşən 10 fərdi yaşayış evinin həyətləri,zirzəmiləri və birinci mərtəbənin döşəməsi qrunt suları altında qalıb. Belə ki, aramsız leysan yağışları və suvarma kanalının daşması sel sularının yaxınındakı fərdi təsərrüfatlara və yaşayış evlərinə doğru axmasına səbəb olub.

Hadisə yerinə FHN Xaçmaz Regional İdarəsinin xüsusi briqadası cəlb olunub. Mənzillər qrunt sularından təmizlənib.

Su kanalının daşmasının əsas səbəbi bir neçə hissədə yaranan çirkab tıxacları ilə əlaqələndirilir.Kanalda suyun axmasının bərpa edilməsi məqsədilə əraziyə xüsusi texnika cəlb edilib.

Leysan yağışları davam etdiyindən növbətçi briqada və texnikalar qarşıdakı günlərdə, xüsusilə də gecə saatlarında əraziyə nəzarət edəcək.

Emin Kərimov, Xudat

Bütün xəbərlər Facebook səhifəmizdə