Qəzada 10 nəfər yaralandı

Salyanda baş verən ağır yol qəzasında bir nəfər ölüb, 10 nəfər yaralanıb. SİA-nın məlumatına görə, bu gün saat 11.02 radələrində Salyan-Neftçala magistral yolunun 8-ci kilometrliyində, Salyan rayonunun Ərəbqardaşbəyli kəndində yol qəzası qeydə alınıb. Salyan şəhər sakini, 43 yaşlı Mübariz Allahqulu oğlu Ələkbərov idarə etdiyi "Raf" markalı mikroavtobusla Salyan istiqamətində hərəkət edərkən əks istiqamətdə gələn "Jiquli" markalı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşın yararsız hala düşüb. "Jiquli" maşınının sürücüsü, Neftçalanın Aşağı Surra kənd sakini Mirağa Mirəsgər oğlu Əsgərov hadisə yerindəcə keçinib, 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlardan Alimə Xəlilova, Zərxanım Dadaşova, Tünzalə Əbilova, Səmayə İsa qızı, Ruhiyyə İsmayılova, Minurə Əbilova, Faiq Mehdiyev, Əzizağa Mehdiyev və Cəlal İsmayılov təcili olaraq Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, qəzanın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə