Salyanda mağaza oğruları yaxalandı

Salyanda mağaza oğruları yaxalandı

Salyanda mağaza oğruları yaxalandı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Salyan polisi mağazadan oğurluq edən bir qrup şəxsi yaxalayıb. Salyan şəhəri Xəlil Rza Ulutürk prospektində yerləşən Emin İbrahim oğlu Əsədova məxsus mağazada oğurluq edilməsi barədə rayon polis şöbəsinin növbətçi hissəsinə məlumat daxil olan kimi polis əməkdaşları dərhal hərəkətə keçib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin prospektdə yaşayan Salyan şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehman Əlifağa oğlu Abdullayev və onun tanışı Şahmar Ənvər oğlu Nəcəfov gecə saatlarında şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib. İlkin dindirilmə zamanı hər iki şəxsin gecə saat 03:00 radələrində mağazadan oğurluq etdikləri məlum olub. Cinayətkarların mağazadan 800 manat dəyərində oğurladıqları araq, siqaret və digər ərzaq məhsulları maddi sübut kimi götürülüb. Şöbədə saxlanılan oğrular törətdikləri əməlləri etiraf ediblər.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə