Xaçmazda ağır yol qəzası baş verib

Xaçmazda ağır yol qəzası baş verib

Bu gecə Xaçmazda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzasə baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, hadisə Xaçmaz-Xudat yolunda, Gödəkli kəndi ərazisində qeydə alınıb.

49 yaşlı Xaçmaz sakini Şamil Məmmədrza oğlu Mahmudovun idarə etdiyi "Mersedes" markalı minik avtomobili idarəetməni itirərək əvvəlcə ağaca çırpılıb, daha sonra zərbənin təsirindən dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin 27 yaşlı Yusif Müzəffər oğlu İlyasov yerindəcə həlak olub. Sürücü və daha iki sərnişin - 39 yaşlı Mahir Musa oğlu Mədətov və 37 yaşlı Kamil Ağarza oğlu Xasməmmədov ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın travmatoloqu Ağayar Quliyev onların vəziyyətinin ağır olduğunu bildirib.

Qeyd edək ki, ilkin versiya olaraq qəzaya səbəb kimi sürücünün sərxoş olduğu və bunun nəticəsində avtomobili yüksək sürətlə idarə etdiyi bildirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Təyin olunmuş tibbi və avtotexniki ekspertizaların rəyindən sonra hadisəyə düzgün hüquqi qiymət veriləcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə